AzerbaijaniEnglishGermanRussianTurkish
AzerbaijaniEnglishRussianItalianFrenchArabic
Azerbaijani English Russian

Asif Cəlil oğlu Kəngərli (Məmmədli)



1954-cü ildə Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Əslən şahtaxtılıdır

Asif Kəngərli haqqında

O, 1971-ci ildə 1 №-li orta məktəbi ədəbiyyat üzrə fərqlənmə diplomu ilə bitirmiş, Ukraynada həqiqi hərbi xidmət keçmiş (1972-1974), Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə fakültəsində təhsil almış (1975-1981), internaturada (1981-1982) ona psixonevroloq ixtisası verildikdən sonra doğma Naxçıvana qayıtmış, əvvəlcə Naxçıvan Respublika Xəstəxanasında metodist (1982-1985), sonra rayonlararası HƏEK-da ekspert-nevropatoloq (1986-1995) və 7 il Naxçıvan RND-də baş həkim (1996-2003) vəzifələrində çalışmışdır.

2003-cü ildə Respublika baş narkoloqunun təkidilə Respublika Narkoloji dispanserinə – işə dəvət olunmuşdur. O vaxtdan Asif həkim Bakıda yaşayır və hazırda Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetində psixiatr-narkoloq (2004-2020) işləyir.

Asif Kəngərli bədii yaradıcılığa 2002-ci ildə, 48 yaşında ikən başlayıb; qələmə aldığı ilk əsər “Bəla” pyesidir. Müəllifin “Bəla” (Naxçıvan, 2002), “Bəla” və “Беда” (2007), “Zəhrimar” və “Şər suyu” (2012), “Bela” (İstanbul, 2014), həmçinin “Tütünçəkmə barədə hər şey” (2016), “Alkoqol – sağlamlığın və sağlam həyat tərzinin düşməni”, “Narkotik maddə – ailəvi qırğın “silahı” (2017) adlı kitabları işıq üzü görmüş, oxucular arasında böyük rezonans qazanmışdır.

Möhtəşəm “Bəla” pyesinin teatr tamaşası anşlaqla keçmiş (2006), uzun zaman hafizələrdən silinməmişdir. Həmçinin “Bəla” və “Zəhrimar” (2015) adlı pyesləri Azərbaycan Milli radiosunda (105 FM) radio teatrı kimi hazırlanmışdır ki, bunlar da dinləyicilərin marağına səbəb olduğu üçün vaxtaşırı efirdə səslənir; “Bəla” radionun qızıl fonduna daxildir. “Bəla”nın film-tamaşası da hazırdır (2018). Orada müəllif baş həkim rolunda çəkilib, bu filmə YouTube kanalında baxmaq olar.

A.Kəngərli “Qızıl qələm” (2012) və “İlin vətənpərvər adamı” (2013) fəxri mükafatlarına layiq görülmüşdür. O, Dünya Xalqları Yazıçılar Birliyinin (2016) üzvü və Beynelxalq Yazicilar İttifaqinin (2021) üzvlüyünə namizəddir.

Asif həkim pedaqoji fəaliyyətlə də məşğul olub: əvvəlcə Tibb məktəbində (1986-2002), sonra rektorun dəvətilə Nax.DU-də (2003) müəllim işləmişdir.

O, bir həkim-yazıçı kimi yeniyetmələrlə gənclər arasında tabakomaniya, alkoqolizm və narkomaniyaya qarşı, o cümlədən KİV-lər və təhsil ocaqlarında yorulmadan maarifləndirici iş aparan bir ziyalıdır.

A.Kəngərli ailəlidir, 2 övladı var. Xanımı ilə qızı həkimdir. Qızı ailəlidir, Almaniyada həkim işləyir, ondan İnci və Nəzrin adlı 2 nəvəsi var. Oğlu isə Romada magistr təhsili bitirib, ailə qurub, indi Kaliforniyada (ABŞ) yaşayır, ondan da Emilia Marien adlı nəvəsi dünyaya gəlib.